Son əlavələr


Astara rayonunda bəzi kümdarlar 1 qutu qurd toxumundan 80 kq məhsul əldə ediblər, amma...

20 Haz 2018 05:19 tarihinde Aydin Salis tarafından yayınlandı   [ güncellendi ]

Respublikada yaş barama tədarükü rəsmi mənbələrə görə 500 tona yaxınlaşmaq üzrədir. 

Bu il bütün ölkə üzrə 13 min qutu qurd toxumu paylanıldığını və hər qutudan da orta hesabla 40 kq məhsul əldə edilməsinin mümkünlüyünü nəzərə alsaq  yaş barama tədarükü 520 tona çata bilərdi. Lakin rəsmi bəyanatlarda hədəf  bir qədər az, 500 ton olaraq, bəzən isə 450-500 ton olaraq götürülmüşdü.

Bəzi rayonlarda barama tədarükü artıq başa çatıb, bəzi rayonlarda isə hələ təzəlikcə başlayıb.

Barama tədarükünə yeni başlayan rayonlardan biri isə Astaradır.

Respublikanın ən cənubunda yerləşən Astara rayonunda uzun illər fasilədən sonra  ilk dəfə olaraq məhz bu il baramaçılıq bərpa edilmiş - rayon üzrə 52 qutu qurd toxumu paylanılmış və 2 ton məhsul əldə edilməsi planlaşdırılmışdı.  

18 iyun tarixdə Astara kümdarları ilk olaraq 197 kq yaş baramanı "Azəripək" MMC-nin nümayəndələrinə təhvil veriblər. Bu gün -  20 iyun tarixdə isə  500 kq-dan  çox barama təhvil verməyə hazırlaşırlar. 

Astara rayon kənd təsərrüfatı idarəsindən "İpəkçi"yə bildirildi ki bu hələ son deyil, lakin rayon üzrə ümuni nəticə təəssüflər olsun ki, nəzərdə tutulmuş 2 tona çatmayacaq. 

Belə ki cari barama mövsündə havaların yağışlı keçməsi bəzi hallarda qurdların tələf olması ilə nəticələnib. Bəzən isə kümdarlar təcrübəsizliyə yol vermiş, nəticədə qurdları məhv olmuşdur. 

Məhsuldarlıqla bağlı sualımıza rayon kənd təsərrüfatı idarəsindən cavab olaraq bildirildi ki, "elə yer var ki, 1 qutudan  80 kq, elə yer var ki, 20 kq məhsul əldə olunub". Bundan başqa əlavə olaraq vurğulandı ki, "Astara baramaçılıq üçün heç də münasib yer deyil, baramaçılıqla bağlı olaraq ipəkqurdu kəpənəklərinin burada yayılması təhlükəsi də var, bu isə rayonda ənənəvi olaraq yetişdirilən sitrus bitkilərinə böyük ziyan vura bilər".
Aydın Məmmədov

Qeyd: Fotoşəkil AZƏRTAC-ındır.


Zay toxum, hələlik 400 tona yaxın barama qəbulu, "Şəki-İpək" ASC-nin ləğv olunması...

14 Haz 2018 08:26 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 19 Haz 2018 07:57 güncellendi ]

Yerlərdən aldığımız məlumatlara görə cari barama mövsümündə kümdarlara paylanılmış qurd toxumları bəzi hallarda keyfiyyətsiz olmuş və buna görə həmin yerlərdə məhsul əldə edilməmişdir. Şəki rayonunun Çeşməli kəndində barama bəslənilməsi ilə tanış olan Turan İA-nin müxbiri Sadıq Fətəliyev bildirir ki, qurdlar yetişsə də barama sarımırlar. Bu toxumun zay olduğunu göstərir. Mövsümün ortalarına doğru havaların qəflətən soyuması, çoxlu yağıntı da məhsuldarlığa mənfi təsir etmişdir.  Bəzən isə kümdarlar özləri qurdu bəsləyə bilməmişlər. Lakin "Şəki-İpək" ASC-nin bazasında yaradılmış yeni "Azəripək" MMC rəhbərliyindən  bu gün - 14 iyun tarixdə, axşam saatlarında "İpəkçi"yə bildirildi ki, bütün bunların ümumi nəticəyə elə bir təsiri olmayıb,  yaş barama qəbulu isə normal davam edir. Qəbul 400 tona çatdımı? - sulaımıza cavab olaraq bildirildi ki, yox, hələ çatmayıb, amma tezliklə çatacaq, baramanın dalı gəlir.

Məlumat üçün əlavə edək ki,  bu gün günorta saatlarında artıq 370 ton yaş barama qəbul edilmişdir. Qəbul  bütün gün, gecə-gündüz davam edir. Səhərə qədər  barama qəbulunun 400 tona çatması mümkündür.  Yaxın ərazilərdən kümdarlar yaş baramanı bəzən özləri gətirirlərsə, kənar rayonlardan  bu iş "Azəripək" MMC-nin avtobusları və nümayəndələri vasitəsi ilə həyata keçirilir. Şəki ipək kombinatına daşınan yaş barama ilk olaraq boğulur, sonra qurudulmağa verilir. 


Yaş barama boğulub qurudulduqdan sonra çəkisini 2,7 dəfə itirir. 3 kq quru baramadan isə 1 kq ipək əldə etmək mümkündür. Başqa sözlə, 400 ton yaş baramadan 148 ton quru barama, 148 ton quru baramadan isə 50 tona yaxın ipək əldə edilə bilər. 1 kq ipəyin əldə edilməsi üçün 8,1 kq yaş barama lazımdır. Ötənilki qiymətlərlə və subsidiyanı nəzərə almasaq 8,1 kq yaş baramanın satınalma qiyməti 72,9 manat idi, texnoloji xərcləri də bunun üstünə gəlsək, 1 kq ipəyin maya dəyəri təxminən 120 manat, yəni 70 $ civarında olub. Dünya bazarımda düzdür, bu ilin əvvəlində Çin ipəyi elə bu qiymətə, hələ bir qədər də baha satılmışdı, amma heç kim Azərbaycan ipəyinin 1 kq-na 50 $-dan artıq pul verməzdi.
Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış Mainline Enterprises şirkətin meneceri Məhəmməd Muzammil "İpəkçi"yə bildirdi ki, bu gün dünya bazarında Çin ipəyinin 1 kq-ı 68-71, Vyetnam ipəyinin 1 kq-ı 65-69, Özbəkistan ipəyinin 1 kq-ı 50-53, Türkmənistan ipəyinin 1 kq-ı 40, Hinsitan ipəyinin 1 kq-ı 40-65 $ qiymətindədir... 


Bu arada "Şəki-İpək" ASC-nin Əmək Məcəlləsinə zidd olaraq aylarla, bəzən illərlə "ödənişsiz məzuniyyətdə" qalan işçiləri 
"Şəki-İpək" ASC-nin bazasında yaradılmış yeni "Azəripək" MMC rəhbərliyinin yadına düşmüşdür; onları çağırıb, öz xahişləri ilə işdən azad edirlər və "Azəripək" MMC-yə işə götürəcəklərinə söz verirlər. 

İqtisadçı ekspert Hafiz Babalı bildirir ki, "Şəki-İpək" ASC  əslində yerində durur, sadəcə matrejka yaradılıb; “Azəripək” MMC  şirkətinin yaradılmasında məqsəd odur ki, təsərrüfat fəaliyyəti yenilərin adından aparılsın və əvvəlkilərin maliyyə öhdəliyi üzrə tələblər irəli sürülməsin. 

Məlumat üçün əlavə edək ki, ötən il "Şəki İpək İstehsalı" adlı bir MMC də yaradılmışdır; nizamnamə kapitalı 37,550 milyon manat, şirkətin qanuni təmsilçisi Nizami Qəribov, Müşahidə Şurasına isə Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov daxil idilər. (Bax: Azərbaycanda eyni ünvanda qeydiyyatda olan bir neçə iri şirkət yaradılıb >> )... 

“Azəripək” MMC və "Şəki İpək İstehsalı" MMC ayrı-ayrı şirkətlərdir, ya  "“Azəripək” MMC"  ""Şəki İpək İstehsalı" MMC"-nin yeni adıdır? - sualımıza Hafiz Babalı cavab verdi ki,  bunlar  ayrı-ayrı şirkətlərdirlər. 

Diqqətimizi çəkən ən maraqlı məqam isə bu ərəfədə pambıqəyirici sexin dayandırılması, baramaaçan istehsalatının fəaliyyətə başlamasının isə gecikdirilməsidir; barama var, artıq 400 tona yaxın, baramaaçan istehsalatı indi niyə işləməsin? 

Əvvəlcədən məlumat verdiyimiz kimi  pambıqəyirici sexin işçilərindən çoxu alternativ işlə təmin ediləcəyinə inanmırdı  (Bax: Şəki İpək kombinatının 1 ay əvvəl işə düşmüş pambıqəyirici sexi "barama qəbulu" (?!) adı ilə yenidən dayandırıldı>> ). Həqiqətən də onların çoxu yenidən işsiz qaldı, aralarında elələri vardı ki  bir il dayanmadan sonra cəmi bir-neçə gün işləmişdi. İşsiz qalanların əksəriyyəti isə qadınlardır. Belə ki barama qəbulu ağır fiziki əmək tələb etdiyindən, bu işə yalnız kişiləri cəlb etmək mümkün olur. 

Məlumat üçün onu da əlavə edək ki, Şəki ipək kombinatının anbarlarında 100 min metr ipək parça, 50 min metr pambıq parça, 6 tona yaxın ipək yığılıb qalıb.  Bu səbəbdən də ilin əvvələrindən etibarən istehsal demək olar ki tam dayandırılmış ( “Şəki-İpək” ASC-nin bəzi istehsalat və sexləri heç işə düşmədi, işə düşənləri isə dayandı...>>   ) (Şəki İpək kombinatının əmək kollektivi 11 aprel prezident seçkisinə işsiz, sosial təminatsız və ağır maddi durumda, lakin ümidlə gedir>> ) və hələ də bərpa edilməmişdir. Əgər məhsul satılmırsa, deməli "Şəki-İpək" ASC ötən il barama satın almaq üçün götürdüyü borcu qaytara bilməyib. Bu borc 1 nilyona yaxındır.  Bu il isə azı 400 ton barama almalıdır və bunun üçün 1, 6 milyon borc almalıdır. "Şəki-İpək" ASC borcunu qaytarmadığı üçün yenidən borc ala bilmir. Nə etməli? "Şəki-İpək" ASC-ni buraxıb, yerində “Azəripək” MMC" yaratmaq lazım idi və yaradıblar da. Gələn il təxminən 600 ton yaş barama almaq lazım olanda isə  “Şəki ipək istehsalı” MMC fəaliyyətə başlayacaq yəqin ki.

Aydın Məmmədov



                         
                         “Şəki-İpək” ASC-nin işçilərinin Prezidentə açıq məktubu >>

Milli Qurtuluş günü ilə bağlı tədbirdə "İpəkçi" və "Şəkinin səsi" qəzetləri fəxri fərmanla təltif olundu

14 Haz 2018 02:40 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 14 Haz 2018 03:06 güncellendi ]

İyunun 13-də Şəki şəhər İcra Hakimiyyətində keçirilən Milli Qurtuluş günü ilə bağlı  yığıncaqda "İpəkçi"  və "Şəkinin səsi" qəzetləri Şəki şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Yığıncaqda vurğulanmışdır ki,  bu il “İpəkçi” qəzetinin 85, “Şəkinin səsi” qəzetinin isə 25 yaşı tamam olur və bu qəzetlərin yubileylərinin məhz Milli Qurtuluş günü ilə bağlı tədbirdə qeyd edilməsi heç də təsadüfi deyil; belə ki "İpəkçi" qəzetinin davamı olan "Şəkinin səsi" qəzetinin birinci sayı Salis və Aydın Məmmədovların təsisçiliyi ilə məhz Milli Qurtuluş günündə - 15 iyun 1993-cü ildə çap olunub. Elə həmin sayda ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı belə qiymətləndirilmişdi:


"Heydər Əliyevin Vətənin bu dar günündə xalqın harayını eşidib Bakıya gəlməsi, qardaş qırğınının qarşısını almaq üçün göstərdiyi təşəbbüslər təkcə pataxtda deyil, şübhəsiz ki, respublikamızın digər bögələrində də ona güclü rəğbət hissi doğurmuşdur. Bu gün  Heydər Əliyev müstəqil respublikamızın ən istəkli övladıdır – xalq yenidən öz böyük rəhbərinə sonsuz məhəbbətini bildirir. İndi bütün Azərbaycanda – qaynar nöqtələrdə, sərhəd bölgələrində dincliyin və əmin-amanlığın hökm sürəcəyi, torpaqlarımızın düşmən tapdağından azad olunacağı gün uzaqda deyil... Əliyev müdrik adamdır. Ağır təqiblərə məruz qalmış, lakin heç vaxt onu bir insan, şəxsiyyət kimi sındırmaq mümkün olmamışdır. Sadə və müdrik Azərbaycan xalqı Əliyevin gücünə, onun bir insan, rəhbər kimi gözəl keyfiyyətlərinə yaxşı bələddir. Möhkəm əminik ki, Heydər Əliyev bütün gücünü, bacarığını respublikamızın siyasi-iqtisadi həyatındakı böhranın aradan qaldırılmasına, sağlam qüvvələrin bir cəbhədə birləşməsinə, vətəndaş sühünün yaradılmasına, müharibəyə son qoyulmasına, adamların həyat şəraitinin yüksəldilməsinə yönəldəcəkdir...".

Məlumat üçün əlavə edək ki, “İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33-34 (1967/1968)-cü sayında, V . İ. Lenin tərəfindən deyilmiş və sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı mərhum redaktor Salis Məmədov tərəfindən qəzetin başlığı üzərindən yığışdırılmiş, daha əvvəl “Azərbaycan Kommunist partiyası V . İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdi. Bu, həmin vaxta qədər, Azərbaycan sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə tək-tük hallarda təsadüf edilən bir hadisə idi. Beləliklə, “İpəkçi” qəzeti hələ SSRİ dövründə Azərbaycanda Kommunist partiyasına və hökumətinə tabe olmayan ilk leqal qəzet olmuşdu. Lakin “İpəkçi” qəzetinin redaktoru o vaxt hələ Şəki İstehsal İpək Birliyindən maaş alırdı və üstəlik, qəzetin çap xərci də bu müəssisə tərəfindən ödənilirdi. 1992-ci ildə, AXC-Müsavat hakimiyyəti dövründə, Şəkidəki və Bakıdakı “bəy”lər, “İpəkçi” qəzeti ilə yola getmirdilər. Hətta o vaxtkı Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı 2 dəfə televiziyada çıxış edərək “İpəkçi” qəzetinin ünvanına kəskin fikirlər söyləmiş, onu “Şəkidə
oturub, Bakıdakı rəhbərlərin işlərinə qarışmaqda” günahlandırmışdır. Bundan başqa  “İpəkçi” qəzetinin qapadılması, yaxud redaktorunun – Azərbaycan Respublikasının ilk Əməkdar jurnalistlərindən biri olan Salis Məmmədovun, “təqaüd”ə göndərilməsi barədə də Şəki İstehsal İpək Birliyinin rəhbərinə göstəriş verilmişdi. Nə etməli? Bu zaman ağlımıza gəldi ki, özümüz yeni bir qəzet təsis etməliyik. Amma necə? Nazir Sabir Rüstəmxanlı imkan verərdimi ki biz yeni bir qəzet təsis edək? Üstəlik, təsis üçün dövlət rüsumu da bizim maddi imkanımız ilə müqayisədə çox böyük məbləğdə idi. “Şəkinin səsi”nin Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçməsi üçün, mərhum Salis Məmmədov o vaxtkı Respublika Prokuroru İxtiyar Şirinova müraciət etdi.  Baş prokurorun işə qarışması nəticəsində yeni qəzetin qeydə alınması yolunda əsas maneə aradan qalxmış oldu.  “Şəkinin səsi” üçün dövlət rüsumunu isə Ali Sovetin deputatı, dostumuz Kazım Məmmədov ödədi... 1993-cü ilin iyun ayının 15-də, Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli gərgin idi. Axşam Milli Məclisdə, Ali Sovetin həm də Prezident səlahiyyətlərini icra edəcək sədri seçilməli idi. Belə bir gündə, günorta çağı “Şəkinin səsi” qəzetinin birinci sayı Şəki mətbəəsində çap olundu.

“Azəripək” MMC-yə indiyədək 143 ton yaş barama təhvil verilib

8 Haz 2018 07:41 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 8 Haz 2018 15:28 güncellendi ]

Şəki, 8 iyun, Mustafa Dadaşov, AZƏRTAC

“Azəripək” MMC (əvvəlki adı “Şəki-İpək” ASC) tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında istehsalçılardan barama tədarükü mütəşəkkil qaydada davam etdirilir. Bu günədək kümçülərdən 143 ton yaş barama qəbul olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azəripək” MMC-nin direktoru Nizami Qəribov məlumat verib.

Məhdud məsuliyyətli cəmiyyətdən verilən məlumata görə, barama tədarükündə hələlik Zərdab rayonu öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 34 ton 254 kiloqram yaş barama təhvil veriblər. Füzuli rayonunda istehsalçılardan 29 ton 553 kiloqram, Bərdədə 16 ton, Ağcabədi rayonunda 14 ton 543 kiloqram, Kürdəmirdə isə 11 ton 197 kiloqram yaş barama tədarük olunub.

Müəssisənin baramaaçan istehsalatı iyulun əvvəlindən etibarən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, bu il Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub.

Mənbə: AZƏRTAC >>

“İpəkçi”nin əlavəsi: İqtisadçı ekspert Hafiz Babalı bildirir ki, "xəbərdə texniki səhv var. "Şəki-İpək" ASC yerində durur, sadəcə matrejka yaradılıb; “Azəripək” MMC  şirkətinin yaradılmasında məqsəd odur ki, təsərrüfat fəaliyyəti yenilərin adından aparılsın və əvvəlkilərin maliyyə öhdəliyi üzrə tələblər irəli sürülməsin". Məlumat üçün əlavə edək ki, ötən il "Şəki İpək İstehsalı" adlı bir MMC də yaradılmışdır;  nizamnamə kapitalı 37,550 milyon manat, şirkətin qanuni təmsilçisi Nizami Qəribov, Müşahidə Şurasına isə Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov daxil idilər.  (Bax: Azərbaycanda eyni ünvanda qeydiyyatda olan bir neçə iri şirkət yaradılıb >> )... Diqqətimizi çəkən digər maraqlı məqam isə baramaaçan istehsalatının fəaliyyətinin iyul ayında bərpa edilməsi barədə yazılanlardır. Niyə iyulda? Barama var, artıq 143 ton, baramaaçan istehsalatı indi niyə işləməsin? 


"Azərbaycan" qəzetində ipəkçiliklə bağlı dərc olunmuş son məqalədə təhriflər, yalanlar...

1 Haz 2018 02:57 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 2 Haz 2018 07:00 güncellendi ]



"Azərbaycan" qəzetinin bugünki 1 iyun sayında  ipəkçiliklə bağlı "Hədəf 500 tondur" başlıqlı məqalə dərc olunmuşdur. Müəllif Əli Səlimovdur, iddia edir ki, guya bu il respublikada 500 ton barama yetişdirilərsə, bu “Şəki İpək” ASC-nin fasiləsiz iş rejiminin bərpa olunmasına kifayət edir. Halbuki cəmi bir neçə gün əvvəl biz Şəki ipək kombinatının fasiləsiz və gəlirlə işləməsi üçün 500 ton yaş baramanın yetərli olmadığını konkret faktlarla əsaslandırmışdıq (Bax: Şəki İpək kombinatının 1 ay avvəl işə düşmüş pambıqəyirici sexi yenidən dayandı).

Müəllif Azərbaycanda  ipəkçiliyin sovet dövründəki vəziyyətindən bir qədər bəhs etdikdən sonra yazır ki, 

keçmiş sovetlər dönəmində isə damazlıq baramanın 1 kiloqramı 10-11, sənaye baramasının 1 kiloqramı 7-8 manata idi. Elə bu səbəbdən (Hansı səbəbdən?! - Məmm. 2001-ci ildə “Şəki-İpək” ASC tərəfindən respublikanın 15 rayonundan 37, 2011-ci ildə 11, 2012-də 7,5, 2013-də 3,2, 2014-də 1,7 ton, 2015-də 800 kiloqram yaş barama tədarük edilmişdi.

Adi oxucu üçün  bu normal görünə bilərdi, amma bizim üçün bu saxtakarlıqdır! Müəllif 2001-ci ildən sonra keçir birbaşa 2011-ci ilə. Niyə?! Çünki 2001-ci ildən sonra barama istehsalı artıb, müəllif nədənsə bunu qeyd eləmək istəmir, 2002-ci ildə 133 ton barama götürülmüşdür. Bu 133 ton heç bir dövlət dotasiyası olmadan mümkün olmuşdu, növbəti il üçün isə 200 ton barama götürüləcəkdi, lakin imkan verilmədi. Müəllif bunu gizlətmək istəyir.

Müəllif ipəkçiliyin inkişafını yalnız 2014-cü ildən sonra başladığını göstərmək istəyir. Guya tut tingləri ölkəyə yalnız 2014-cü ildən sonra  gətirilib. Əslində bundan əvvəllər də respublikaya tut tingləri gətirilirdi, biri bir dollara, milyonlarla manat pul ayrılırdı, əkilirdi, amma barama mövsümü başlayanda həmin bağlarda yarpaq olmurdu...

Müəllif daha sonra yazır:

Müəssisədə hazırda kəlağayı, krepdeşin, krepşifon, atlas parçalar toxunur. Builki proqnoza nail olunması 55 ton ipək parça deməkdir.

Əslində isə 1 fevraldan etibarən kombinatda hər növ parça istehsalı dayandırılıb və hələ də bərpa edilməyib, cəmi 1-2 dəzgah işləyir, onlarda da bez toxunur.  Yalan məlumat kimə lazımdır? Nə atlas? Nə krepdeşin? Nə krepşifon? Bunlar azı 20 ildi ki istehsal edilmir!  Bundan başqa parça çəki ilə yox, metr ilə hesablanan şeydir, 55 ton ipək isə 55 ton parça demək deyil...

P.S. Biz məqalənin müəllifi Əli Səlimovla telefon əlaqəsi saxladıq. Bildirdi ki məlumatları ona Şəki Şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rafiq Məmmədov və "Şəki-İpək" ASC İdarə heyətinin sədri Nizami Qəribov verib, baş verənlərdən təəssüfləndiyini bildirdi.
Aydın Məmmədov


Şəkidə baş vermiş növbəti intiharın səbəbləri: "qızdan ayrıldım, ürəyini buz kimi saxla!"

31 May 2018 12:49 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 1 Haz 2018 11:58 güncellendi ]

Bü gün 31 aprel tarixində, Şəki şəhəri Axundov küçəsi 126 ünvanında yerləşən ayaqqabı sexində intihar hadisəsi baş verib; Sexdə işləyən 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov özünü sexin tavanından asıb.


Mərhumu tanıyanların şəhadətinə görə,  o, 7 il idi ki bir qizı istəyirmiş, amma valideynləri buna razı deyilmişlər. Mərhum dünən anasına deyibmiş ki, "qızdan ayrıldım, ürəyini buz kimi saxla". Bu gün səhər isə bir tanışı ilə salamlaşıb, 10 dəqiqə sonra isə özünü asıb. 

 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

Şəkidə "Azərbaycanda gender bərabərliyi və media azadlığı" mövzusunda görüş keçirilib

30 May 2018 08:16 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 30 May 2018 10:38 güncellendi ]

Şəki şəhərindəki "Sheki Palace" hotelinin konfrans zalında  30 mart tarixində təşkil edilmiş dəyirmi masada Avropa Şurasını təmsil edən Pərvanə Bayramova, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Mətbuat Şurasını təmsil edən Müşfiq Ələsgərli, BDU-dən Sevinc Əliyeva və başqaları yerli media və QHT nümayəndələri ilə "Azərbaycanda gender bərabərliyi və media azadlığı" mövzusunu müzakirə etmişlər. 

Məlumat üçün  əlavə edək ki, 
"Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsinin büdcəsi 250 min avrodur. Bu Azərbaycanda gender bərabərliyinin və medianın vəziyyətinin daha da təkmilləşdirilməsi, mediada və media vasitəsilə gender bərabərliyinin təşviqi, jurnalistlərin peşə davranış qaydalarının gender bərabərliyi kontekstində nəzərdən keçirilməsi və yenilənməsi, gender bərabərliyi və media azadlığına dair Avropa Şurası standartlarının, eləcə də yenilənmiş "Jurnalistlərin peşə davranış qaydaları"nın  jurnalist və media professionalları arasında təşviqi, gender bərabərliyi və media azadlığı üzrə yeni tədris kursu proqramının hazırlanması üçün həyata keçirilir.


Aydın Məmmədov


Şəki İpək kombinatının 1 ay əvvəl işə düşmüş pambıqəyirici sexi "barama qəbulu" (?!) adı ilə yenidən dayandırıldı

27 May 2018 03:31 tarihinde Aydin Salis tarafından yayınlandı   [ güncellendi ]

Şəki İpək kombinatının pambıq iplik istehsal edən sexi mahlıcın olmaması səbəbindən düz 1 il idi ki işləmirdi. Bu il martın 26-da  Bərdədə təşkil olunmuş pambıqçılığın inkişafına dair respublika müşavirəsində Prezident İlham Əliyev Şəki İpək kombinatının pambıqəyirici sexi üçün 1209 ton mahlıc ayrıldığını bildirdikdən az sonra - aprelin sonunda, sex yenidən fəaliyyətə başladı, lakin heç bir ay keçməmiş yenidən dayandı.

Səbəb olaraq bildirilir ki, barama qəbulunun başlaması ilə əlaqədar pambıqəyirici sexin işçiləri barama qəbuluna cəlb ediləcəkdir. Lakin sexin işçiləri deyirlər  ki onlara yalnız "gedin evdə oturun, lazım olsanız sizi çağıracağıq", deyiblər və onlardan çoxu alternativ işlə təmin ediləcəyinə inanmır.

Məlumat üçün əlavə edək ki, Şəki İpək kombinatının pambıqəyirici sexinin illik xammal tələbatı 3 min ton mahlıcdır. Cari ildə bu sex üçün ayrılmış 1209 ton mahlıc isə sexin illik tələbatının yarısından da az olduğuna görə sexin ilboyu fasiləsiz işləməsi mümkünsüz idi. 

Bununla yanaşı, o da mümkündür ki, pambıqəyirici sexin dayanması "Azərbaycan Sənaye Korporasiyası"nda, hansı ki "Şəki-İpək" ASC də  bunun tərkibindədir, son günlər həyata keçirilməsinə başlanılan  struktur dəyişiklikləri ilə bağlı olsun. Belə ki  iqtisadçı ekspert Hafiz Babalının fikrincə, "Azərbaycan Sənaye Korporasiyası"nın

"bütün pambıq müəssisələri "Gilan Holdinq"in nəzarətinə keçir. Mayın 25-də "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC yaradılıb. Bəhruz Camalov şirkətin direktoru təyin olunub. O, "MKT İstehsalat Kommersiya" şirkətinin baş direktorunun müavinidir. Bu şirkət Azərbaycanda pambıqtəmizləmə zavodlarının üçdə ikisinə, Bakıda və Gəncədə iki tekstil müəssisəsinə malikdir. Müəssisələr ASK-nın balansına keçiriləndən əvvəl dövlətə məxsus "Aqrarkredit" BOKT tərəfindən idarə olunurdu. 2017-ci ilin iyul ayında o, "CTS-Agro" MMC-nin pambıqçılıq zavodlarının idarə olunması üçün 82,3 milyon manat kapitalla "Azərpambıq" MMC-ni təsis edib. CTS-Agro-nun illik 60 min ton gücü olan altı pambıqtəmizləmə zavodu var. "CTS-Agro" MMC-nin direktoru Zakir Əzimovun sözlərinə görə, hazırda sənədlərin təhvil-təslim prosesi davam edir. Zakir Əzimov özü istefa ərizəsi yazıb (Bax: >>)". 

Məlumat üçün əlavə edək ki, ötən ilin xəbərlərinə inansaq, bu gün "Şəki-İpək" adlı ASC artıq mövcud olmalı deyildi, onun yerində "Şəki İpək İstehsalı" adlı bir MMC yaranmış olmalı idi;  nizamnamə kapitalı 37,550 milyon manat, şirkətin qanuni təmsilçisi Nizami Qəribov, Müşahidə Şurasına isə Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov daxil olmalı idilər.  (Bax: Azərbaycanda eyni ünvanda qeydiyyatda olan bir neçə iri şirkət yaradılıb >> ). Lakin bildiyiniz kimi  bu hadisə baş verməyib. Buna görə də hesab etmək olar ki həmin xəbər və bu tip xəbərlər əslində diqqəti nədənsə yayındırmaq, iz azdırmaq məqsədi daşıyır. 

Məlumat üçün onu da əlavə edək ki, 2004-cü ildə “Şəki-İpək” ASC-yə pambıq əkib-becərməsi üçün Saatlı rayonu  ərazisində 25 min  ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa “Şəki-İpək” ASC-yə həmin rayonda və Əlibayramlı (Şirvan) şəhərində pambıq zavodu tikməyə də icazə verilmişdir. “Şəki-İpək” ASC öz pamdıq zavodunda əldə etdiyi mahlıcı dünya bazarında sataraq əldə etdiyi gəliri ipəkçiliyin inkişafına yönəltməli idi. Lakin sonda “Şəki-İpək” ASC-nin xaricə mahlıc satmasına icazə verilmədi. Elə buna görə də  “Şəki-İpək” ASC öz mahlıcını özü emal etməyə, öz mahlıcından özü pambıq iplik istehsal etməyə başladı. Pambıq ipliyin xaricə satılmasına icazə verilməsi bəlli olsa da, satışdan əldə olunan gəlirin ipəkçiliyin inkifafına yönəldilib-yönəldilməməsi barədə heç bir məlumat yoxdur. Heç şübhəsiz ki, bu gün pambıqəyirici sexin dayanasının əsil səbabkarı 2004-cü ildə “Şəki-İpək” ASC-nin xaricə mahlıc satmasını əngəlləyən fövqəladə qüvvədir, sadəcə tarix təkrar olunur.

O ki qaldı barama qəbuluna, Azərbaycanda ötən il 244 ton yaş barama tədarük edildiyi halda bu mövsüm üçün 450-500 ton yaş barama planlaşdırılıb.  2026-cı il üçün isə  Azərbaycan 6 min ton yaş barama yetişdirəcəyini bəyan edib. Təşkilati işlər ən yüksək səviyyədə həyata keçirilsə də barama qurdu bəslənilməsi üçün yem bazasının zəif olması  növbəti 4 il üçün Azərbaycanda ildə 600-700 tondan artıq yaş baramanın tədarük edilməsini mümkünsüz edir. Bununla yanaşı bu gün redaksiyamıza pripiskaya cəhdlər ilə bağlı çoxsaylı məlumatlar daxil olub,  büdcə təşkilatlarında çalışanların  maaşlarından kütləvi şəkildə 10-20 manat "barama pulu" tutulduğu iddia olunur. Bəzi KİV-də vətəndaşlar bunu açıq-aşkar şəkildə bildirirlər (Bax:  Zərdab rayon sakinləri tərəfindən şikayət məktubu>>).  Tam əminliklə deyə bilərik ki, bu günə qədər barama qəbulunda heç bir pripiska baş verməmişdir; “Şəki-İpək” ASC rəhbərliyi bundan sonra da barama qəbulu ilə bağlı heç bir pripiskaya getmək fikrində deyil.  Və bizə bildirilmişdir ki, əhalidən yığılan pullar kümdarlara maddi kömək üçün könüllü ianə xarakteri daşıyır.


İstər 450-500 ton, istərsə də 600-700 ton yaş barama isə Şəki İpək kombinatının daimi fəaliyyəti və gəlirlə işləməsi üçün yetərli deyil. Yalnız baramaaçan istehsalatı işləyəcək, əldə edilən ipək anbarlara yığılacaq, vəssalam. Anbarlardakı ipəyi xam şəkildə, yaxud hazır məhsula çevrilmiş şəklində xaricə satmaq mümkün deyil, çünki maya dəyəri dünya bazarından bahadır (Bax: 
Кому нужен азербайджанский шелк?  >>; В Азербайджане необходимо внедрять новые технологии переработки шелка  >>). 

Şəki İpək kombinatının daimi fəaliyyəti və gəlirlə işləməsi üçün əvvəlcə ipəyin maya dəyərini aşağı salmaq, sonra isə süni liflərdən parça toxunmasını bərpa etmək lazımdır. Ən azından viskozadan parça toxumaq olardı; bu da ipəkdir, təbii mənşəlidir və toxuculuq sənayesində geniş tətbiq olunur, təlabat daha çoxdur və xeyli ucuzdur.   Tut ipəyi 100 il əvvəl dünya toxuculuq sənayesində öz yerini viskozaya verib; çox təəssüf ki  bunu "Şəki-İpək" ASC rəhbərliyi və aidiyyatı olan məsul şəxslər hələ də anlaya bilmirlər. Əgər bilsəydilər, təbii ki kombinatın mövcud durumu yuxarılarda müzakirə olunarkən  heç olmasa bunun üzərində dayanardılar, absurd şeylərdən, o cümlədən yun istehsalından danışmazdılar (Bax: 
Şəki ipək kombinatının mövcud durumu Azərbaycan Sənaye Korporasiyası ASC-nin müşavirəsində müzakirə edilib >>). 






  

15-17 yaşlı iki azərbaycanlı oğlan günlərlə, bəlkə də həftələrlə Xəzərdə ac-susuz kömək gözləyir və kömək gəlmədiyinə görə hər ikisi həlak olur, FHN isə onlara köməyə getmir...

26 May 2018 02:46 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 26 May 2018 02:46 güncellendi ]

Xəzər sakit, fırtına yox, amma 15-17 yaşlı iki azərbaycanlı oğlan günlərlə, bəlkə də həftələrlə Xəzərdə ac-susuz kömək gözləmiş və kömək gəlmədiyinə görə hər ikisi həlak olmuşdur. FHN nəyə lazımdır?! Kəmaləddin Heydərov niyə istefa vermir?! Biz niyə susuruq?!

Kəpəz TV  bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən,  25 may saat 13 radələrində dənizdə, sahildən təxminən 90 km uzaqlıqda 2 nəfərin meyiti olan rezin qayıq aşkarlanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin gəmisi həmin əraziyə cəlb olunub.Meyitlərin bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 15 yaşlı Adil Cəbiyev və 17 yaşlı Nüsrət Nəzərova aid olduğu üzə çıxıb.


Şəkidə "Resurs" Mərkəzinin hüquqşünasları ödənişsiz hüquqi xidmətə ehtiyacı olan şəxsləri qəbul ediblər

25 May 2018 03:29 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 25 May 2018 04:36 güncellendi ]

Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının həyata keçirdiyi “İnsan hüquqlarının təşviqi və effektiv müdafiəsi sahəsində milli tərəfdaşların potensialının artırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən "Resurs" Mərkəzi Azərbaycan vətəndaşları üçün növbəti səyyar hüquqi xidmətini  24 may 2018-ci il tarixində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) ilə əməkdaşlıq çərçivəsində  Ombudsmanın Şəki Regional Mərkəzində təşkil edib.


Səyyar ödənişsiz hüquqi xidmət zamanı "Resurs" Mərkəzinin hüquqşünasları ödənişsiz hüquqi xidmətə ehtiyacı olan şəxsləri qəbul edib, onların məsələləri ilə bağlı hüquqi məsləhət verib və bununla bağlı Resurs Mərkəz tərəfindən görüləcək hüquqi işlər haqda məlumatlandırılıblar. 


Bir neçə gün əvvəl Şəki Rayon Məhkəməsindən "İpəkçi"yə şikayət edən Eldar Zakirov da (bax: Şəki rayon məhkəməsinin hakimi Elçin Mehdiyevin "şirinlik"lə qərar qəbul etməkliyi) səyyar qəbulda iştirak etmişdir. "Resurs" Mərkəzi hüquqşünasları Eldar Zakirovu dinlədikdən sonra onu məlumatlandırdılar ki, şikayətini  növbəti instansiya məhkəməsində davam etdirmək istəyirsə ona hər cür hüquqi yardım göstərməyə hazırdırlar və məhkəmə xərcləri də "Resurs" Mərkəzinin hesabına ödəniləcək. Eldar Zakirov "Resurs" Mərkəzinin təklif etdiyi xidmətdən məmnun qalıb.


Aydın Məmmədov

 

1-10 of 213